Arçil Qorduladze – Ölkədə bütün nüfuz institutlarını nüfuzdan salmağa çalışan kiçik bir qrup var və bu proses müxtəlif xarici aktorlar tərəfindən dəstəklənir
“Mənəvi cəhətdən tamamilə dəyərsizləşmiş insanlara yalnız Nodar Dumbadzenin bu sözləri ilə cavab vermək olar: “Alın damarı qırıldıqdan sonra yaşamaq asanlaşır”. Bu insanlar üçün həyat həqiqətən də çox asanlaşıb və cəmiyyət tərəfindən buna müvafiq cavab və qiymət veriləcək”, – bunu parlament çoxluğunun üzvü Arçil Qorduladze bildirib.
Qorduladzenin sözlərinə görə, bir daha təsdiqlənir ki, ölkədə bütün nüfuz institutlarını nüfuzdan salmağı qarşısına məqsəd qoyan kiçik bir qrup mövcuddur.
“Bu prosesi müxtəlif xarici aktorlar da dəstəkləyir. Əslində isə bu ölkənin mədəniyyətinə və tarixinə hörmətlə yanaşan, onun gələcəyini düşünən insanların sayı qat-qat çoxdur. Kim nə deyirsə-desin, əsas odur ki, Gürcüstanda mənəvi sərhədləri aşmış insanların sayı çox azdır”, – deyə Qorduladze vurğulayıb.
Qorduladze nifrət nitqi ilə bağlı məhkəmə prosesləri barədə suala cavabında bildirib ki, “Kollektiv Vahid Milli Hərəkat”ın nümayəndələri dəfələrlə nifrət nitqini müdafiə edərək təhqir və ləyaqətin alçaldılmasını ifadə azadlığı kimi təqdim etməyə çalışıblar.
“Təhqir heç bir halda ifadə azadlığı anlayışına daxil deyil. Əksinə, təhqirə görə cinayət məsuliyyətinin nəzərdə tutulması belə, hərçənd bu, Gürcüstanda tətbiq olunmur, Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına tam uyğundur. Qanunvericilikdəki müddəaların icrası vacibdir və Daxili İşlər Nazirliyi də bunu həyata keçirir. Nazirlik faktları müəyyən edir, daha sonra isə bu işlərə məhkəmə baxır. Qərarlar insan hüquqlarının qorunmasının ən yüksək standartlarına uyğun qəbul edilir. Nəticə də göz önündədir – sosial şəbəkələrdə nifrət nitqinin azaldığını görürük. Xaricdən maliyyələşdirilən və təşviq edilən nifrət nitqinin məqsədi Gürcüstan vətəndaşlarını bir-birinə qarşı qoymaq idi. Bu gün isə belə halların azalması ölkəmizin maraqlarına uyğundur”, – deyə Arçil Qorduladze bildirib.