Arqentinanın Exaltasion de la Kruz şəhərində daşqınla mübarizə aparılır, minlərlə insan təxliyə edilib
Arqentinanın Exaltasion de la Kruz şəhərində daşqınla mübarizə aparılır, minlərlə insan təxliyə edilib

Arqentinanın Exaltasion de la Kruz şəhərində güclü daşqınla mübarizə aparılır, minlərlə insan təxliyə olunub. Bu barədə “Reuters” məlumat yayıb.

Arqentinanın Milli Meteoroloji Xidməti Buenos Ayresin şimal əyaləti üçün qırmızı xəbərdarlıq səviyyəsi elan edib.

Yanğınsöndürmə xidmətinin rəhbərinin sözlərinə görə, “belə bir yağış illərdir olmamışdı”.

Buenos Ayres əyalətinin qubernatoru Aksel Kisilof əhalini gözlənilən çətinliklərlə bağlı xəbərdar edib. Onun sözlərinə görə, bu, fasiləsiz yağışlar və gözlənilən aşağı temperatur səbəbindən baş verəcək. O, vətəndaşlara səfərlərdən çəkinməyi tövsiyə edib.

“Reuters”in yazdığına görə, daşqın Arqentinanın kənd təsərrüfatı məhsullarının əsas ixracatçı bölgəsini vurub və bu, soya məhsulunun yığılmasında əlavə gecikmələrə səbəb ola bilər.

Arqentina dünyada soya unu və yağı üzrə ən böyük ixracatçıdır, həmçinin qarğıdalı üzrə üçüncü, buğda üzrə isə mühüm ixracatçılardandır.