Araqvi körpüsündə yük avtomobillərinin hərəkəti bir istiqamətdə müvəqqəti olaraq alternativ marşruta yönəldiləcək

22:19, 12.08.2026

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı kilometrliyində, Araqvi çayı üzərindəki körpüdə profilaktik tədbir çərçivəsində qərbdən şərq istiqamətində hərəkət edən yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq alternativ marşruta yönəldiləcək.

“Qeyd olunan hissədə, xüsusilə mövsümi olaraq, avtonəqliyyatın yüksək intensivliyi qeydə alınır. Yüksək yüklənmə şəraitində zaman keçdikcə körpünün hərəkət hissəsində zədələr yaranır ki, onların da aradan qaldırılması dövri təmir tələb edir. Bu cür işlərin aparılması hərəkətin qismən məhdudlaşdırılmasına və müvafiq olaraq, nəqliyyat axınının ləngiməsinə səbəb olur.

Bənzər işlərin zəruriliyinin və hərəkətin mümkün ləngimələrinin qarşısını almaq məqsədilə, qərbdən şərq istiqamətində hərəkət edən yük avtomobillərinin müvəqqəti olaraq alternativ marşrutla hərəkət etməsi barədə qərar qəbul olunub.

Cari ilin avqustun 12-si gecə saat 12-dən (00:00) etibarən yük avtomobilləri Narekvavi-Msxeta-Zahesi marşrutundan istifadə edəcək.

Şərqdən qərb istiqamətində yük avtomobillərinin hərəkəti mövcud rejimdə davam edəcək. Minik avtomobilləri üçün isə körpüdə hərəkət hər iki istiqamətdə sərbəst olacaq və hərəkət mövcud rejimdə, 60 km/saat sürətlə davam edəcək.

Araqvi çayı üzərindəki körpü 70-ci illərdə tikilib və onun fəaliyyəti üçün müntəzəm olaraq zəruri bərpa işləri aparılır. Hərəkətin artan intensivliyini nəzərə alaraq, Departament əvvəlcədən mövcud körpüyə paralel olaraq yeni, müasir standartlara uyğun körpünün tikintisi barədə qərar qəbul edib.

Yeni körpünün tikintisi aktiv fazadadır və onun istismara verilməsi bu il planlaşdırılır.

Avtomobil Yolları Departamenti sürücüləri hərəkəti planlaşdırarkən müvəqqəti hərəkət sxemini nəzərə almağa çağırır” – Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.

Oxşar