Antoniu Quterreş - Yanvarın 3-də Venesuelada keçirilən hərbi əməliyyat zamanı beynəlxalq hüquq qaydalarına əməl edilməməsindən narahatam
BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyata görə dərin narahatlığını ifadə edərək, “beynəlxalq hüquqa əməl edilmədiyini” bildirib. Bu haqda onun müavini Rosmari Dikarlonun BMT Təhlükəsizlik Şurasının iclasında oxuduğu Quterreşin məktubunda deyilir.
Bu iclasda Venesuelada inkişaf edən hadisələri müzakirə edirlər.
“Venesuelada qeyri-sabitliyin mümkün güclənməsindən, eləcə də regiona potensial təsirdən və bunun ölkələrarası münasibətlərdə yarada biləcəyi presedentdən dərin narahatam. Venesuelada yaranmış vəziyyət artıq uzun illərdir həm regional, həm də beynəlxalq narahatlıq mövzusudur. 2024-cü ildə Venesuelada keçirilmiş mübahisəli prezident seçkilərindən sonra bu ölkəyə diqqət artıb. Venesuela hökumətinin tələbi ilə seçkiləri izləmək üçün mənim təyin etdiyim seçki ekspertləri qrupu ciddi problemlərə diqqət çəkib. Biz daim tam şəffaflıq və seçki nəticələrinin dərc edilməsini tələb etmişik” – Quterreşin məktubunda deyilir.
Bununla yanaşı, BMT-nin baş katibi bir daha bütün tərəfləri beynəlxalq hüquqa əməl etməyə çağırır.
“Mən bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün əsas yaradan BMT Nizamnaməsinə riayət etməsinin imperativliyinin zəruriliyini daim vurğulamışam. Yanvarın 3-də Venesuelada keçirilən hərbi əməliyyat zamanı beynəlxalq hüquq qaydalarına əməl edilməməsindən dərin narahatam” — BMT-nin baş katibi Antoniu Quterreş bildirir.
BMT Təhlükəsizlik Şurasında oxunan BMT-nin baş katibinin bəyanatında o, Venesuela məsələsində iştirak edən bütün tərəfləri cəmiyyətin bütün təbəqələrinin öz gələcəklərini müəyyən edə biləcəyi inklüziv və demokratik dialoqa qoşulmağa çağırıb.