Antoniu Koşta – Ukraynanın Avropa İttifaqına üzvlük haqda danışıqları 2025-ci ildə başlayacaq
Avropa Şurasının yeni prezidenti Antoniu Koşta Ukraynaya Avropa İttifaqına üzvlük prosesində sürətli irəliləyiş sözünü verib. O bildirib ki, danışıqlar ən azı iki istiqamətdə artıq 2025-ci ilin birinci yarısında başlayacaq. Koşta sözügedən bəyanatı Kiyevə səfəri zamanı verib.
“Gələcəkdə də sizinlə birlikdə olacağıq və bunlar sadəcə sözlər deyil. Biz Ukraynaya humanitar, iqtisadi, hərbi və enerji yardımı göstərməyə davam edəcəyik” – Koşta bildirib.
Həmçinin, Antoniu Koşta qeyd edib ki, Avropa İttifaqı ilin sonuna qədər Ukrayna büdcəsinə yardım üçün 4,2 milyard avro ayırmağa hazırdır. Üstəlik, 2025-ci ildən Avropa İttifaqı Kiyevə ayda 1,5 milyard avro ayıracaq.
“Biz bu vəsaiti Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək əldə edirik, həmçinin, onlardan hərbi məqsədlər üçün də istifadə etmək olar” – Koşta qeyd edib.
Həmçinin, Avropa Şurasının Prezidenti Brüsselin Rusiya iqtisadiyyatına təzyiqinin artacağını və Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin qəbulu üzrə işlərin davam etdiriləcəyini bildirib.