Antoniu Koşta Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində olmadığını bildirir
Avropa Şurasının Prezidenti Antoniu Koşta Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində olmadığını bildirir. Koşta bu barədə Parisdə davam edən “istəklilər koalisiyası”na üzv dövlətlərin görüşü başlamazdan əvvəl sosial şəbəkədə yazıb.
O, Rusiyaya təzyiqin Ukraynanı dəstəkləməyin ən yaxşı vasitəsi olduğunu deyib.
“Ukraynanı dəstəkləmək üçün ən yaxşı vasitə – məqsədimizə ardıcıl qalmaq, ədalətli və davamlı sülhə nail olmaqdır. Bu, sanksiyaların yardımı ilə Rusiyaya təzyiqi davam etdirmək deməkdir” – Avropa Şurasının Prezidenti yazır.
Koştanın qeyd etdiyi kimi, bu mesajı “istəklilər koalisiyası”nın üzvlərinə təqdim edəcək.
Məlum olduğu kimi, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “istəklilər koalisiyası” bir neçə həftədir Ukraynada gələcək atəşkəsi təmin etmək planı üzərində işləyir.
Bundan əvvəl Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib və Ağ Evin məlumatına əsasən, görüşdə Qara dənizdə atəşkəslə bağlı razılıq əldə olunub. Lakin, daha sonra Rusiya bəyan etdi ki, atəşkəs yalnız Moskvanın bir neçə tələbi yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Onların arasında bəzi rus banklarına qarşı sanksiyaların ləğvi də var, bu isə Avropa İttifaqının razılığı olmadan mümkün deyil.