Antonio Quterreş Vaşinqton və Tehrana dərhal diplomatiya yoluna qayıtmağa çağırır – “Hərtərəfli və davamlı razılaşmaya yalnız dialoq yolu ilə nail olmaq mümkündür”
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında atəşin yenidən başlamasından dərin narahatlığını ifadə edib.
“Baş katib dinc əhali arasında itkilərlə bağlı yayılan məlumatlardan, o cümlədən İranda toy mərasiminə endirilən zərbə barədə xəbərlərdən dərin narahatdır. Baş katib mülki əhaliyə qarşı həyata keçirilən bütün hücumları pisləyir.
O qeyd edir ki, bütün tərəflər beynəlxalq humanitar hüquq çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə əməl etməlidirlər. Buraya mülki şəxsləri və mülki obyektləri hərbi hədəflərdən ayırmaq, həmçinin mütənasiblik və ehtiyatlılıq prinsiplərinə riayət etmək daxildir”, – BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.
BMT-nin Baş katibi Vaşinqton və Tehrana dərhal diplomatiya yoluna qayıtmağa çağırır və bildirir ki, hərtərəfli və davamlı razılaşmaya yalnız dialoq və danışıqlar yolu ilə nail olmaq mümkündür.