Antalyada tornado dörd nəfərin həyatına son qoyub
Antalyada tornado dörd nəfərin həyatına son qoyub.
Türkiyə mediasının yazdığı kimi, hadisə tikinti meydançasında baş verib. Tornado fəhlələrin qaldığı konteynerlərə zərur vurub.
Yayılan məlumata əsasən, fəhlələrdən ikisi hadisə yerində, digər ikisi isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Yaralanan daha bir fəhlənin vəziyyəti isə qənaətbəxşdir.
Şəhərdə güclü yağış səbəbindən “sarı” xəbərdarlıq səviyyəsi elan olunub. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə-xilasetmə qrupları cəlb olunmuşdu.
“Biz çox qeyri-adi təbiət hadisəsi ilə qarşı-qarşıyayıq, çünki şəhərdə başqa yerdə fırtına və ya tornado qeydə alınmayıb. Ətrafdakı binalara zərər dəyməyib, lakin bu ərazidə iki konteyneri tamamilə məhv edən tornado ilə üzləşmişik” – rəsmi şəxs açıqlayıb.
Hadisə yerinə Antalyanın qubernatoru gəlib. O, tornadonun tikinti kranını aşırdığı, lakin bunun tələfatla müşaiyət olunmadığını bildirib.