Anri Oxanaşvili - Strasburq Kezeraşvili tərəfindən xüsusilə ağır kateqoriyalı cinayətin törədildiyini təsdiqləyib və Gürcüstanın Ali Məhkəməsinin hökmünün qanuniliyini tanıyıb
Anri Oxanaşvili - Strasburq Kezeraşvili tərəfindən xüsusilə ağır kateqoriyalı cinayətin törədildiyini təsdiqləyib və Gürcüstanın Ali Məhkəməsinin hökmünün qanuniliyini tanıyıb

 

Strasburq Kezeraşvili tərəfindən xüsusilə ağır kateqoriyalı cinayətin törədildiyini təsdiqləyib və Gürcüstanın Ali Məhkəməsinin hökmünün qanuniliyini tanıyıb – bu haqda Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili nazirlikdə keçirilən brifinqdə bildirib.

“Sizi Strasburq Məhkəməsinin “Kezeraşvili Gürcüstana qarşı” işi üzrə bugünkü qərarı ilə tanış etmək istərdik. Strasburq Məhkəməsinin qərarı ilə Davit Kezeraşvilinin müdafiə naziri olduğu dövrdə 2008-ci ilin avqust müharibəsindən az əvvəl dövlət büdcəsindən gürcü ordusu üçün nəzərdə tutulan külli miqdarda vəsaiti israf etdiyi təsdiqlənib. Konkret olaraq, 5 milyon 60 min avro, bu da bugünkü məzənnə ilə təxminən 15 milyon lari təşkil edir.

Strasburq Məhkəməsi Davit Kezeraşvilinin siyasi motivlərlə təqib olunmadığını müəyyən edib. Həmçinin, Gürcüstanın Ali Məhkəməsinin Kezeraşvilinin günahkar olaraq tanınması haqda çıxardığı hökm əsaslandırılmışdı və ona qarşı təqsirsizlik prezumpsiyasının pozulmasına yol verilməyib.

Kezeraşvili tərəfindən törədilmiş cinayət sxemi haqda ictimaiyyətə xatırlatmaq istəyirik. Kezeraşvili müdafiə naziri olduğu dövrdə, 2008-ci ilin avqust müharibəsindən az əvvəl qanunvericiliyi pozaraq, bir gündə off-şorda qeydiyyatdan keçmiş şirkətlə gürcü ordusunun döyüş təlimi ilə bağlı uydurma müqavilə bağlayıb. Üstəlik, sözügedən razılaşma Müdafiə Qüvvələrinin Baş Qərargahından yan keçməklə imzalanıb. Əslində, gürcü ordusunun heç bir təlimi keçirilməyib və nəticədə gürcü ordusuna məxsus 5 milyon 60 min avro miqdarında vəsait məqsədyönlü şəkildə israf edilib. O da qeyd edilməlidir ki, gürcü ordusunu soymaqla varlanan Kezeraşvili Strasburq Məhkəməsində mənəvi ziyana görə əlavə olaraq dövlətdən 15 min avro tələb edirdi və Strasburq Məhkəməsi bunu rədd edib.

Strasburq Məhkəməsi bütövlükdə və bütün bunları nəzərə alaraq Kezeraşvili tərəfindən xüsusilə ağır kateqoriyalı cinayətin törədildiyini təsdiqləyib və bununla Gürcüstanın Ali Məhkəməsinin hökmünün qanuniliyini tanıyıb.

Avropa Məhkəməsində qazanılan bu layiqli qələbə münasibətilə dövlətimizi, gürcü ordusunu və cəmiyyətimizi təbrik edirəm” – Anri Oxanaşvili bildirib.