Anita Hipper: Biz hər zaman gürcü xalqının yanında olacağıq və Gürcüstan hakimiyyətini demokratik yola qaytarmaq üçün növbəti addımları nəzərdən keçiririk.
Avropa İttifaqının dəstəklədiyi demokratiya, azadlıq və dəyərlər baxımından Gürcüstanda vəziyyətin yaxşılaşmasına dair heç bir əlamət görmürük. Bu barədə Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper bildirib.
Anita Hipperə Gürcüstanda vətəndaş cəmiyyəti və media əleyhinə bir neçə gün əvvəl qəbul edilən “repressiv qanunlarla” bağlı sual ünvanlanıb. Həmin qanunlarla bağlı “Gürcü Arzusu”nun üzvləri açıq şəkildə bildiriblər ki, məqsəd Avropa İttifaqının vətəndaş cəmiyyəti və mediaya verdiyi dəstəyin dayandırılmasıdır.
“Psixoloq deyiləm, lakin bu, məsuliyyəti başqasının üzərinə atmaq və proyeksiya taktikasının klassik nümunəsidir. Təəssüf ki, hazırda Gürcüstanda məhz bu baş verir. Demokratiya, azadlıq və Avropa İttifaqının dəstəklədiyi dəyərlər – istər vətəndaş cəmiyyəti, istərsə də söz azadlığı baxımından mövcud vəziyyətin yaxşılaşmasına dair heç bir əlamət görmürük. Siyasi kontekstə gəldikdə isə, bildiyiniz kimi, biz siyasi münasibətlərin səviyyəsini aşağı salmışıq. Eyni zamanda Gürcüstan hakimiyyətinə birbaşa bütün yardımı dayandırmışıq və diplomatlar, yüksək vəzifəli şəxslər və onların ailə üzvləri üçün vizasız gediş-gəlişi ləğv etmişik. Biz hər zaman gürcü xalqının yanında olacağıq və Gürcüstan hakimiyyətini demokratik yola qaytarmaq üçün əlavə tədbirləri də nəzərdən keçiririk”, – deyə Anita Hipper qeyd edib.