Anita Hiper - Volodimir Zelenski Ukraynanın demokratik yolla seçilmiş prezidentidir, sonrakı prezident seçkiləri isə şərtlər buna imkan verdiyi zaman keçirilməlidir
Volodimir Zelenski Ukraynanın demokratik yolla seçilmiş prezidentidir, sonrakı prezident seçkiləri isə şərtlər buna imkan verdiyi zaman keçirilməlidir – bu haqda Avropa Komissiyasının mətbuat katibi Anita Hiper mətbuat konfransında deyib.
Hiper, Avropa İttifaqının Zelenskini qanuni prezident hesab etdiyini deyib.
“Biz bu məsələyə artıq diqqət yetirmişik, çünki bu, xüsusi zamandır. Rusiya Ukraynaya qarşı təcavüzkar müharibə aparır. Prezident Zelenski demokratik yolla seçilmiş liderdir və istənilən seçkilər şərtlər buna imkan verdiyi zaman keçirilməlidir” – Anita Hiper bildirib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə bildirib ki, Ukraynada son prezident seçkilərindən xeyli vaxt keçib və yeni seçkilərin keçirilməsinin vaxtı yetişib. Trampın qeyd etdiyi kimi, ölkə seçkilərdən yayınmaq üçün müharibədən istifadə edir. Lakin, ABŞ Prezidenti bildirib ki, Ukrayna xalqının seçim hüququ olmalıdır. Donald Tramp yeni seçkilərin təyin olunması halında, Zelenskinin yenidən qalib gələcəyini istisna etməyib.