Andrius Kubilius – Ukrayna hələ NATO-ya qoşula bilmir, Avropa İttifaqına tamhüquqlu üzvlük isə müdafiə imkanlarının sürətli inteqrasiyasını təmin edə bilməyən mürəkkəb prosesdir
Andrius Kubilius – Ukrayna hələ NATO-ya qoşula bilmir, Avropa İttifaqına tamhüquqlu üzvlük isə müdafiə imkanlarının sürətli inteqrasiyasını təmin edə bilməyən mürəkkəb prosesdir

Avropa Müdafiə İttifaqı Avropa İttifaqına üzv ölkələrin, eləcə də Ukrayna, Böyük Britaniya və Norveçin müdafiə imkanlarının inteqrasiyasına töhfə verə bilər – bunu Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Polşanın Jeşuv şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında (URC) bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynanın alyansa qoşulması gündəmdə deyil.

“Ukrayna hələ NATO-ya üzv ola bilmir. Avropa İttifaqına tamhüquqlu üzvlük isə müdafiə imkanlarının sürətli inteqrasiyasını təmin edə bilməyən mürəkkəb prosesdir”, – deyə Kubilius qeyd edib.

Bununla yanaşı, Kubilius hesab edir ki, Ukrayna üçün yaxın illərdə ən effektiv müdafiə mexanizmi yeni yaradılan və Avropa müdafiə imkanlarının inteqrasiyasına yönəlmiş ittifaq ola bilər.

“Bizə elə bir Avropa Müdafiə İttifaqı lazımdır ki, Ukraynanın, Böyük Britaniyanın və Norveçin müdafiə imkanlarını Avropa İttifaqına üzv ölkələrin müdafiə imkanları ilə inteqrasiya etməyə imkan versin”, – deyə o vurğulayıb.

Onun fikrincə, belə bir ittifaq Ukraynaya Rusiya ilə müharibə başa çatdıqdan sonra etibarlı təhlükəsizlik təminatları əldə etməyə kömək edəcək.

Həmçinin qeyd edib ki, bu cür alyans ölkənin effektiv bərpası üçün də əsas yarada bilər.

Avropa komissarı əlavə edib ki, Ukraynanın paralel şəkildə ümumi bazara və Avropa Müdafiə İttifaqına inteqrasiyası yaxın gələcəkdə “Ukraynaya dair Avropanın strateji siyasətinin aydın elementi”nə çevriləcək.