Andrius Kubilius – Müharibə halında Avropa yanacaq çatışmazlığı ilə üzləşə bilər
Müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius bəyan edir ki, hərbi münaqişə baş verəcəyi təqdirdə silahlı qüvvələrin yanacaqla təchizatını təmin etmək üçün Avropa enerji resurslarının istehsalını kəskin şəkildə artırmağa hazır olmalıdır.
Kubiliusun sözlərinə əsasən, sülh dövründə hərbi ehtiyaclar üçün yanacaq istehlakı ümumi istehsal gücünün təxminən 8%-ni təşkil edir, lakin silahlı münaqişə halında tələbat kəskin şəkildə arta bilər.
“NATO qüvvələri modelinə əsasən, hərbi böhranın ilk 10 günündə alyans 100 min hərbi qulluqçunu yerbəyer etməli və onların təchizatını təmin etməlidir” – Kubilius deyib.
Avropa Komissarı Avropanın mövcud yanacaq ehtiyatları ilə potensial təcavüzkara nə qədər müqavimət göstərə biləcəyini dəqiqləşdirə bilməyib, çünki müvafiq məlumatlar məxfi saxlanılır.
Kubilius bu bəyanatı Avropa Komissiyasının Avropada neft emalı gücləri məsələsi ilə bağlı keçirdiyi dialoqdan sonra verib.
Bu görüşün keçirilməsinin təşəbbüskarı Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen olub. Müzakirədə NATO və energetika sənayesinin nümayəndələri iştirak edirdilər.
“Euronews”un məlumatına əsasən, qlobal münaqişələr, o cümlədən İranda davam edən müharibə və Hörmüz boğazının bağlanması Avropa üçün əlçatan qiymətə enerji resurslarının etibarlı tədarükünü təmin etməyi daha da çətinləşdirib.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Dan İorqensen bildirib ki, Avropa qalıq yanacaqdan asılılığın azaldılması istiqamətində addımlar atmağa və bu məqsədə doğru irəliləməyə davam edir. Lakin o, hazırda ənənəvi enerji resurslarının kifayət qədər həcmdə tədarükünü təmin etməyin zəruri olduğunu deyib.
“Dizel və aviasiya yanacağı nəqliyyat, bütövlükdə iqtisadiyyat və müdafiəmiz üçün həyati əhəmiyyət kəsb edir” — İorqensen açıqlayıb.
NATO-nun nümayəndəsi “Euronews”a açıqlayıb ki, böhran və hərbi münaqişə zamanı Avropanın yanacaq istehsalı gücləri həm mülki, həm də hərbi ehtiyacların qarşılanmasını təmin etməlidir. Bu məqsədlə iyul ayında NATO-ya üzv ölkələr dəyəri 27 milyard avro təşkil edən yanacaq tədarükü zəncirinin imkanlarının inkişafı proqramını təsdiqləyiblər. Proqramın məqsədi NATO-nun mövcud yanacaq saxlanması və paylanması infrastrukturunu modernləşdirməkdir. Xüsusi diqqət alyansın şərq və cənub-şərq regionlarındakı boru kəmərlərinə, eləcə də yanacaq təchizatı üçün zəruri olan digər imkanların inkişafına yönəldiləcək.
NATO-nun nümayəndəsinin izah etdiyi kimi, bu tədbirlərin məqsədi alyansın döyüş əməliyyatlarına hazırlığını təmin etməkdir.