Anders Foq Rasmussen – Ukrayna və Gürcüstana MAP verməmək böyük səhv idi, xüsusən də Fransa və Almaniya buna qarşı idi, bu səhvlə Putinə NATO-nun parçalanması ilə bağlı siqnal verdik

21:29, 15.06.2022

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Gürcüstan və Ukraynaya NATO Üzvlük Fəaliyyət Planının verilməməsi səhv olub.

Onun sözlərinə görə, xüsusilə Fransa və Almaniya Ukrayna və Gürcüstan üçün Üzvlük Fəaliyyət Planının (MAP) verilməsinə qarşı çıxıblar.

Rasmussenin fikrincə, bu, böyük səhv idi, çünki o zaman Putinə NATO-da parçalanma siqnalı verilmişdi.

“Hesab edirəm ki, biz Ukrayna və Gürcüstana status, texniki dillə desək, üzvlüklə bağlı fəaliyyət planını verməməyimiz böyük səhv idi. Biz NATO-da razılığa gələ bilmədik. Mən tərəfdar idim, ABŞ prezidenti lehinə idi, lakin xüsusilə Fransa və Almaniya Ukrayna və Gürcüstan üçün üzvlük fəaliyyət planının verilməsinin əleyhinə idilər. Deməli, bacarmadıq və edə bilmədik. Əvəzində faktiki olaraq Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik. Bu, kifayət qədər sərt bəyanatdır, lakin Putin qəzəbləndi və 2008-ci ildə, Buxarestdəki sammitimizdən dörd ay sonra, Gürcüstana hücum edərək, bu ölkənin regionlarını – Abxaziya və Cənubi Osetiyanı faktiki olaraq işğal edərkən əsas mesajı verdi. Düşünürəm ki, əsas səhv bu idi, çünki biz Putinə NATO-nun parçalanması ilə bağlı siqnal vermişdik. Bu, tarixdən dərs olmalı idi və 2014-cü ildə Krımı alanda bütün bu əhvalat təkrarlandı. Yenə tərəddüdlə cavab verdik, yumşaq, sanksiyalar aldıq, amma kifayət qədər güclü olmadı. Putin daha sonra belə qənaətə gəldi ki, “Ukraynada macəra”nı davam etdirə bilər və biz bunun əvəzini indi ödəyirik”, – Anders Foq Rasmussen bildirib.

Eyni zamanda Anders Foq Rasmussen qeyd edib ki, ukraynalılar müharibədə qalib gəlməlidir, çünki Putin uğur qazansa, o, Ukraynada dayanmayacaq.

“Onun növbəti hədəfi Moldova, sonra Gürcüstan və ola bilsin ki, üç Baltikyanı dövlətə təzyiq göstərəcək. “Buna görə də ukraynalılar bizim adımızdan döyüşür və biz onlara kömək etməyə borcluyuq”, – o əlavə edib.

Məlumat üçün bildirək ki, Şimali Atlantika Alyansının dörd keçmiş baş katibinin iştirakı ilə virtual formatda “Müttəfiqlərin qərarı: Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı NATO-nun perspektivləri” mövzusunda müzakirə aparılıb.

Oxşar