Analena Berbok – Vladimer Putinin “uzatma taktikası” ABŞ-ı aldatmamalıdır
Rusiya Prezidenti Vladimer Putinin “uzatma taktikası” ABŞ-ı aldatmamalıdır – bu haqda Almaniyanın xarici işlər naziri Analena Berbok Kiyevə səfəri zamanı bildirib.
“NATO-nun xarici işlər nazirlərinin gələcək görüşündə Amerika tərəfinə aydın şəkildə izah edəcəyik ki, Putinin uzatma taktikasına qoşulmamalıyıq” – Berbok bildirib.
Aprelin 3-4-də Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Berbok Rusiya və ABŞ arasında danışıqlar “dalana” dirəndiyi üçün, Ukraynaya qeyd-şərtsiz dəstəyin çox vacib olduğunu qeyd edib.
“Rusiya Prezidenti bu müharibədə qalib gələ bilməyəcəyini başa düşəndə, əsl və uzunmüddətli sülh gələcək” – Berbok bildirib və Ukraynanın “sülh danışıqlarını güclü mövqedən aparmalı olduğunu” qeyd edib.
Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlara dair saziş ilə bağlı suala cavabında Berbok bildirib ki, Avropanın Ukrayna ilə artıq nadir minerallar ilə bağlı sövdələşməsi var və istənilən yeni saziş Avropa İttifaqının qanunvericiliyinə uyğun olmalıdır.
“Nəhayət, bu, bizim Avropa qitəmizdir” – Berbok bildirib.