Anaklia dərin dəniz limanında dibin dərinləşdirilməsi işlərinə başlanılır

16:25, 01.08.2026

 

Anaklia dərin dəniz limanında dibin dərinləşdirilməsi işlərinə başlanılır, gələcək limanın dəniz akvatoriyasına ilk dibdərinləşdirən gəmi (Tristao Da Cunha) daxil olub – bu barədə məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, qanunvericiliklə müəyyən edilmiş prosedurlardan keçdikdən sonra gəmi dalğaqıran kanalının qurulması məqsədilə işə başlayacaq.

Onların məlumatına əsasən, Anakliada dəniz akvatoriyasında dib 17,5 metrə qədər dərinləşdiriləcək, növbəti mərhələdə isə 1 380 metr uzunluğunda dalğaqıran tikiləcək. Sözügedən işlər əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq həyata keçirilir.

Gələcək limanın dəniz akvatoriyasında tikinti işləri fəal şəkildə davam etdirilir. Bu işləri dünyada tanınmış Belçika şirkəti, “Böyük Dördlük” üzvü olan Jan De Nul N.V. gürcü tərəfdaşları ilə birlikdə həyata keçirir.

“Gürcüstan hökuməti Anaklia dərin dəniz limanını dünyada sınaqdan çıxarılmış “Landlord” modeli ilə tikir. Bu model dövlətə imkan verəcək ki, Anaklia limanını yalnız bir deyil, eyni zamanda bir neçə dövlət və şirkətlə tərəfdaşlıq şəraitində inkişaf etdirsin, bu da limana yüklərin cəlb edilməsi və müvafiq olaraq onun maksimum səmərəli fəaliyyət göstərməsi üçün ən yaxşı şəraiti yaradacaq. Qeyd etmək lazımdır ki, liman infrastrukturu yaratmaqla yanaşı, hökumət Anakliaya aparan nəqliyyat infrastrukturunun – avtomobil və dəmir yolunun çəkilməsini təmin edir” – İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Oxşar