"Anaklia Dəniz Limanı"nın direktoru - Su infrastrukturunun layihələndirilməsi-tikinti prosesi qrafiklə müəyyən edilmiş müddətlərdə aparılır
“Anaklia Dəniz Limanı” şirkətinin direktoru Zurab Sicinavanın verdiyi məlumata əsasən, Anaklia Dərin Dəniz Limanının su infrastrukturunun layihələndirilməsi-tikinti prosesi qrafiklə müəyyən edilmiş müddətlərdə aparılır, səfərbərlik işləri, layihə tədqiqatları və detallı layihələndirmə yekun mərhələdədir.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, işləri dövlət podratçısı, beynəlxalq tenderin qalibi, tenderdə birgə müəssisə formasında təklif təqdim etmiş Belçikanın Jan De Nul N.V. iri şirkəti həyata keçirir.
“Müqaviləyə əsasən, podratçı şirkət tərəfindən tikinti üçün müəyyən edilmiş müddət 970 gündür. Bu müddət öz növbəsində iki mərhələyə bölünüb – birinci mərhələ səfərbərlik işləri, o cümlədən layihələndirmə və müşaiyət edən bütün tədqiqat işləri idi. Birinci mərhələ faktiki olaraq sona yaxınlaşıb, müqavilə ilə bu tədqiqatların sentyabrın 1-dək aparılacağı yazılmışdı və bundan sonra biz tikintiyə başlamalıydıq – publik hüquqi şəxs Texniki və Tikinti Nəzarəti Agentliyi tərəfindən artıq müvafiq icazə verilib. Səfərbərlik mərhələsinə gəlincə, o, tam başa çatıb və dalğaqıran üçün lazım olunan qaya kütləsinin 70-80%-i artıq gətirilib” – Zurab Sicinava bildirib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin oktyabrına qədər Anakliada müvəqqəti yanalma körpüsü inşa ediləcək – daş parçalarının və beton xaç formalı blokların (“X-blok” olaraq bilinir) dalğaqıranın müxtəlif hissələrində tikinti zamanı paylanması məqsədilə. “Anaklia Dəniz Limanı”nın direktoru bildirib ki, iyunun 4-dən artıq “X-blok”ların yerində istehsalına start verilib, bu da daşıma prosesi üçün lazım olan müddət və işləri əhəmiyyətli dərəcədə azaldır.
“X-blok”ların hazırlanması məqsədilə limanın tikinti sahəsində beton zavodu, həmçinin təkrar emal qurğusu fəaliyyət göstərir. Gündə təxminən 40 ədəd, həftədə isə 240 ədəd “X-blok” istehsal olunur və bu proses bir ildən çox davam edəcək – təxminən 14,000 ədəd “X-blok” lazımdır. Zurab Sicinavanın verdiyi məlumata əsasən, bu mərhələdə 3 kubmetr həcmində istehsal olunur, podratçı şirkət isə yaxın zamanda 7 kubmetr həcmində blokların istehsalını planlaşdırır.
Detallı layihəyə gəlincə, podratçı şirkət tərəfindən dalğaqıranın ilk 650 metrlik hissəsinin təşkilinin layihəsi/dizaynı artıq hazırlanıb. Həmçinin, avqustun 10-dək qalan hissənin təşkilinin detallı layihəsi/dizaynı təsdiqlənmək üçün təqdim olunacaq və bitəcək. Hazırda birbaşa dalğaqıranın tikintisindən əvvəl batimetrik və topoqrafik tədqiqatlar aparılır.
“Layihənin ikinci mərhələsinə gəlincə, bu tikinti və dərinləşdirmə işlərini əhatə edir, müvafiq tikinti icazəsi artıq bu həftə verilib. İkinci mərhələnin müddəti təxminən iki il təşkil edir – 2027-ci ilin mayında təxminən 1400 metr uzunluğunda inşa olunmuş dalğaqıran və dərinləşdirilmiş dəniz dibi istifadəyə verilməlidir” – Zurab Sicinava qeyd edib.