Amerikalı Robert Frantsis Prevost Roma Papası oldu
Amerikalı Robert Frantsis Prevost Roma Papası oldu

 

Katolik kilsəsinin yeni lideri var. Kardinal Robert Frantsis Prevost yeni Papa oldu. O, Roma Katolik Kilsəsinin tarixində ilk amerikalı Papadır.

69 yaşlı Robert Frantsis Prevost Çikaqoda dünyaya gəlib. Papalıqda o, XIV Leo olacaq.

2015-2023-cü illərdə Robert Frantsis Prevost Peruda yeparxiyalardan birinin yepiskopu kimi xidmət edirdi. Papa Fransisk 2023-cü ildə onu kardinal rütbəsinə yüksəltdi. Cari ilin fevralında Roma Papası onu kardinal-yepiskop rütbəsinə yüksəldib və Roma vilayətində Albanonun yeparxiyasına təyin edib.

Sikstin kapellasının damından ağ tüstü bu gün axşam çıxdı, bu isə Roma Papasının seçilməsinə işarə idi. Onun kimliyi isə hazırda məlum oldu.

Kardinallar pontifiki səsvermənin 4 raundu nəticəsində seçiblər. Konklavda 70 ölkədən, yaşı 80-dən aşağı olan 133 kardinal iştirak edirdi. Fransisk onlardan 100-dən çoxunu kardinal olaraq təqdis edib.

Roma Papasının seçilmə proseduru məxfidir. Konklavın başlanmasından yeni Papanın seçilməsinə qədər kardinallara xarici aləmlə bütün növ ünsiyyət qadağan edilir. Onların internetə, telefonlara və mediaya çıxışı yoxdur.

Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Vəsiyyətinə əsasən, pontifiki Romadakı Santa Maria Macore məbədində dəfn ediblər.