Amerika Birləşmiş Ştatlarının sabiq senatoru Bob Menendes rüşvət almaq işi üzrə 11 il müddətinə azadlıqdan məhrum edilib
Amerika Birləşmiş Ştatlarının sabiq senatoru Bob Menendes rüşvət almaq işi üzrə 11 il müddətinə azadlıqdan məhrum edilib. Menendes iyunun 6-dan həbs cəzasını çəkməyə başlayacaq və bu, ona həyat yoldaşı Nadin Menendesin mart ayında başlayacaq rüşvətxorluq işi üzrə məhkəmə prosesində iştirak etməyə imkan verəcək.
Menendes Demokratlar Partiyasının üzvü olub. 18 ildən çox Nyu Cersi ştatını Senatda təmsil edib, həmçinin, o, ABŞ tarixində xarici ölkənin agenti kimi fəaliyyətə görə təqsirli bilinən ilk senator oldu.
Menendes avqust ayında senator vəzifəsindən istefa verib. Menendes işində iki Nyu Cersili iş adamı da təqsirli bilinib.
Amerikalı senator Bob Menendesi iyulun 16-da təqsirli biliblər. Senator Menendes dələduzluqda, xarici agent kimi fəaliyyət göstərməkdə, ədalət mühakiməsinə maneə olmaqda və digər cinayətlərdə ittiham olunurdu. Prokurorların bəyanatına əsasən, amerikalı senator bir neçə rüşvətxorluq sxemində iştirak edib, senator və həyat yoldaşı Misir hökumətinə yardım müqabilində üç iş adamından yüz minlərlə dollar nağd pul, qızıl külçələr və bahalı avtomobil alıblar.