Amerika Birləşmiş Ştatlarının energetika naziri bildirir ki, Avropanın Rusiya nefti və qazını almaqdan imtina etməsi Vaşinqton tərəfindən Rusiyaya sanksiyaların tətbiqinə kömək edəcək
Avropa İttifaqı Rusiyadan neft, qaz almağı dayandırmalı və bunun əvəzinə mayeləşdirilmiş təbii qaz, benzin və digər qalıq yanacağını ABŞ-dan almalıdır – bu barədə ABŞ-nin energetika naziri Kris Rait “Financial Times”a müsahibəsində deyib.
“Avropalılar xətt çəkərək daha rus qazını və neftini almayacağıq desəydilər, ABŞ sanksiyalar məsələsində daha aqressiv olardımı?” sualına Rait “şübhəsiz” cavabını verib.
Rait bildirib ki, bu, Avropa üçün də iqtisadi cəhətdən qazanclı olardı.
“Sizin düşmənlərə deyil, etibarlı enerji təchizatçılarına, müttəfiqlərə ehtiyacınız var” – Kris Rait qeyd edib.
Energetika naziri həmçinin bildirib ki, Avropa tərəfindən rus yanacağının alışının dayandırılması Rusiyanın hərbi maşınının maliyyələşdirilməsini azaldar və bununla müharibənin bitməsinə töhfə verərdi.
“Financial Times”ın məlumatına əsasən, 2024-cü ildə rus qazı Avropa İttifaqının qalıq yanacaq idxalının 14%-ni təşkil edirdi. 2022-ci ilin fevralında, tammiqyaslı müharibə başlamazdan əvvəl isə onun payı demək olar ki, 40% idi. Brüssel 2028-ci ilə qədər Rusiyanın neft və qazından tamamilə imtina etməyi planlaşdırır, lakin rus enerji daşıyıcılarını alan Macarıstan və Slovakiya bu plana qarşı çıxırlar.