Amerika Birləşmiş Ştatları “Qlobal Maqnitski siyahısı” çərçivəsində Viktor Orbanın administrasiyasının rəhbərinə sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları “Qlobal Maqnitski siyahısı” çərçivəsində Macarıstanın hökumət rəsmisi Antal Roqana korrupsiyada iştirakına görə sanksiya tətbiq edib. Roqan Macarıstanın Baş naziri Viktor Orbanın administrasiyasının rəhbəridir.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller sanksiya tətbiqi haqda məlumatı yayır.
“Dövlət vəzifəsində olarkən, o cümlədən Orbanın kabinetinin rəhbəri vəzifəsində, məlumatlara əsasən Roqan Macarıstan iqtisadiyyatının strateji sektorlarına nəzarəti ələ keçirməyə yönəlmiş sxemlərə rəhbərlik edirdi. Nazir Roqan Macarıstanda ona və partiyasına macar xalqı hesabına fayda qazandıran sistemin yaradılmasında mərkəzi rol oynayıb. Roqanın fəaliyyəti dövlətin əsas elementlərinin oliqarxlar və qeyri-demokratik oyunçular tərəfindən ələ keçirildiyi Macarıstanda daha geniş cəzasızlıq mühitinin rəmzidir” – Metyu Miller tərəfindən yayılmış bəyanatda qeyd olunub.
Bununla yanaşı, bəyanatda deyilib ki, sanksiya tətbiqi ABŞ maliyyə sisteminin Antal Roqanın korrupsiya fəaliyyətini asanlaşdırmaqda heç bir rol oynamamasını təmin etmək məqsədi daşıyır.
“Biz yenə də Macarıstanın liderlərini korrupsiya məsələsini fəal, birmənalı və qətiyyətlə həll etməyə çağırırıq. Daha şəffaf Macarıstan daha güclü transatlantik alyansa və daha firavan Avropaya töhfə verəcək” – bəyanatda qeyd olunub.