Alyaska ştatında çarter təyyarəsi qəzaya uğrayıb, göyərtədə olan 8 nəfərin hamısı həlak olub
Alyaska ştatında çarter təyyarəsi qəzaya uğrayıb, göyərtədə olan 8 nəfərin hamısı həlak olub
Alyaska ştatında uzaq məsafəli radar stansiyasının yaxınlığında çarter təyyarəsi qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 8 nəfərin hamısı həlak olub. Bu barədə “Associated Press” məlumat yayıb.
Aviasiya qəzası Keyp Nyuenhem uzaqməsafəli radar stansiyasının ərazisində yerləşən aerodromda baş verib. Aerodrom Alyaskanın ən böyük şəhəri Ankoricdən təxminən 725 kilometr məsafədə yerləşir.
“Bu, bizim hərbi ailəmiz və xidmət etdiyimiz icmalar üçün böyük itkidir”, – deyə Alyaska Komandanlığının rəhbəri, general-leytenant Robert Devis bildirib.
Radar stansiyası Sakit Okean Hərbi Hava Qüvvələrinin regional dəstək mərkəzi tərəfindən idarə olunur. Stansiya Alyaskanın hava məkanını və onun sərhədləri yaxınlığında hərəkət edən təyyarələri izləyən uzaqməsafəli radar stansiyaları şəbəkəsinin bir hissəsidir.
Komandanlıq təyyarədə olan şəxslərin konkret olaraq hansı işi yerinə yetirdiklərini açıqlamayıb. Qurumun məlumatına görə, təyyarə özəl podratçı tərəfindən icarəyə götürülmüş mülki hava gəmisi olub.