Almaniyanın nüvə yanacağı zavoduna Rusiyanın “Rosatom” şirkəti ilə əməkdaşlıq etmək hüququ verilib
Almaniya Fransanın “Framatome” şirkətinin rus dövlət şirkətləri ilə bağlanmış lisenziya müqaviləsi əsasında nüvə yanacağı çubuqlarının istehsalını nəzərdə tutan müraciətini təsdiqləyib. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.
Almaniya hakimiyyətinin izahına görə, imtina üçün hüquqi əsas olmayıb
Medianın yazdığı kimi, “Framatome”nin törəmə şirkəti Almaniyanın şimal hissəsində yerləşən zavodda Şərqi Avropa bazarı üçün yanacaq elementlərinin istehsalına icazə istəyib. İstehsal Rusiya lisenziyaları və texnologiyalarından istifadə edilməklə, Rusiyanın “TVEL” və “Rosatom” şirkətləri ilə birgə layihə çərçivəsində həyata keçirilməlidir.
“Reuters”in yazdığı kimi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlara baxmayaraq, Aşağı Saksoniyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi Almaniyanın Federal Ətraf Mühitin Mühafizəsi Nazirliyinin təlimatlarını nəzərə alaraq, müəyyən şərtlər daxilində zəruri icazəni verib.
Federal Nazirliyin nümayəndəsi bildirib ki, Berlin hökuməti Rusiyanın dövlət şirkəti ilə əməkdaşlığı tənqidi qiymətləndirir, lakin qərar Almaniyanın nüvə qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul edilib.
“Bu məsələni həll etmək üçün müvafiq vasitə nüvə qanunvericiliyi deyil, Avropa İttifaqı miqyasında tətbiq edilən sanksiyalardır, o cümlədən nüvə sektoruna qarşı yönəlmiş tədbirlərdir. Lakin bu mərhələdə üzv dövlətlərin əksəriyyəti bu cür sanksiyaları dəstəkləmir. Buna görə də biz Rusiyanın nüvə sektoruna qarşı Avropa İttifaqı sanksiyalarının tətbiq edilməsini yenə də fəal şəkildə dəstəkləyirik” – nazirlikdə bəyan ediblər.
Öz növbəsində Fransa şirkətindən izah ediblər ki, bu əməkdaşlıq şirkət öz istehsal texnologiyasını inkişaf etdirənə qədər müvəqqəti addımdır.
Rus şirkətləri ilə əməkdaşlıq haqqında verilmiş lisenziya təhlükələri azaltmaq üçün bir neçə şərti ehtiva edir. Bunların sırasına “TVEL” və “Rosatom” əməkdaşlarının zavoda daxil olmasına qoyulan qadağa, həmçinin Rusiyadan gətirilən avadanlıq və yanacaq çubuqlarının xarici təhlükəsizlik auditləri daxildir.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı indiyədək Rusiyaya qarşı sanksiyaların nüvə energetikası sektoruna şamil edilməsi barədə razılığa gəlməyib.