Almaniyanın müdafiə naziri Ukraynaya yeni hərbi yardımın əngəllənməsi haqda yayılmış məlumatı təkzib edib
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yeni hərbi yardımın əngəllənməsi haqda yayılmış məlumatı təkzib edib.
Müdafiə naziri “Tagesspiegel”ə müsahibəsində kansler Olaf Şoltsun Ukrayna ordusuna üç milyard avroluq yardım paketini əngəlləmədiyini deyib.
“Heç bir blokada mövcud deyil. Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq. İndi bütün məsələlər aydınlaşdıqdan sonra bu, siyasi yolla həll edilməlidir. Mən müvafiq qərarı gözləyirəm”.
Məlumat üçün bildirək ki, bundan əvvəl “Der Spiegel” mənbələrə istinadən məlumat yaymışdı ki, Almaniyanın xarici işlər naziri Analena Berbok və müdafiə naziri Boris Pistorius Bundestaqın 23 fevral seçkilərinə qədər Ukraynaya əlavə üç milyard avro hərbi yardım ayırmağı planlaşdırırlar, lakin federal kansler Olaf Şoltsun dəftərxanası buna maneə olur.