Almaniyanın mədəniyyət naziri - Rusiya mədəniyyəti ilə bağlı hər şeyi boykot etməyi yanlış hesab edirəm, Putinin Çexovu almasına icazə vermərəm
Almaniyanın mədəniyyət naziri, Klaudiya Rot hesab edir ki, Rusiya mədəniyyətinin boykot edilməsi yanlışdır. Ukrayna mətbuatı xəbər verir ki, Klaudiya Rot bu barədə Almaniya nəşrlərindən birinə verdiyi müsahibəsində bəyan etdi. O, xatırlatdı ki, bu yaxınlarda Almaniya şəhərlərindən birinin meri gənclər orkestrinə Pyotr Çaykovskinin əsərini ifa etməyi qadağan etmişdi. İctimai müzakirə aparıldı, bundan sonra konsertə icazə verildi.
“Rus mədəniyyəti ilə bağlı hər şeyi boykot etməyi tamamilə yanlış hesab edirəm. Amma təbii ki, müzakirələr davam edir. Rus mədəniyyəti ilə necə davranacağına dair bir çox qeyri-müəyyənlik var. Hesab edirəm ki, boykot tamamilə yanlışdır, çünki çox vaxt rus incəsənət xadimlərinin özləri son azadlıqlarını qorumağa çalışırlar. Böyük rus mədəniyyəti, musiqisi, ədəbiyyatı var, Anton Çexov. Putinin Çexovu əlimdən almasına icazə verməyəcəyəm!” – Rot bəyan etdi.