Almaniyanın xarici işlər naziri - Almaniya tərəfindən Fələstin Dövlətinin tanınması ehtimal ki, prosesin sonunda baş verəcək, lakin bu proses elə indi başlamalıdır
Almaniyanın xarici işlər naziri iki dövlət prinsipinə əsaslanan həll prosesini dəstəkləyir. Bu barədə İohan Vadepul Nyu-Yorkda BMT Baş Assambleyasına yola düşməzdən əvvəl deyib.
“Almaniya tərəfindən Fələstin Dövlətinin tanınması ehtimal ki, prosesin sonunda baş verəcək, lakin bu proses elə indi başlamalıdır” – Vadepul qeyd edib.
Almaniyanın xarici işlər naziri bildirib ki, tərəqqinin yeganə yolu döyüşlərə dərhal son qoyulması və girovların azad edilməsidir.
“Regionun indi dərhal atəşkəsə, Qəzzada yaşayan sakinlər üçün daha çox humanitar yardıma və girovların dərhal və şərtsiz azad olunmasına ehtiyacı var” – Vadepul qeyd edib.
Məlumat üçün bildirək ki, Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya sentyabrın 21-də Fələstin Dövlətini rəsmən tanıyıblar.