Almaniyanın kansleri Olaf Şolts Vladimer Putinlə danışmaq istəyini bir daha ifadə edib
Alman mediası tərəfindən yayılmış məlumata əsasən, Almaniyanın kansleri Olaf Şolts Rusiyanın Prezidenti Vladimer Putinlə danışmaq istəyini bir daha təsdiqləyib. Şolts deyib ki, o, Putinlə “müvafiq zamanda danışmağa” qərar verib.
“Lakin, mən məsuliyyətli siyasətçiyəm və bunu tək başıma etməyəcəyəm” – Şolts bildirib.
Almaniya hökumətinin başçısı qeyd edib ki, Putinlə dialoq başqa tərəflərlə çoxlu təmaslar və danışıqlar tələb edir. Şolts, vəziyyətin Ukrayna ilə də müzakirə edilməli olduğunu bildirib.
Putinlə danışıqların vaxtının nə vaxt gələcəyi ilə bağlı suala kansler belə cavab verib: “Tezliklə”.
Məlumat üçün bildirək ki, oktyabrda Şolts Rusiyanın lideri ilə danışıqlar aparmağa hazır olduğunu bildirmişdi.
Kremldə Putinin Şolts ilə danışmağa hazır olduğunu, lakin rus tərəfinin Berlindən təkliflər almadığını bildiriblər.
Şolts sonuncu dəfə Putinlə 2022-ci ilin sonunda danışıb.