Almaniyanın daxili işlər naziri – Gücləndirilmiş polis qüvvələrinin səfərbər edilməsi və vaxtında görülən tədbirlər zorakılıq törədənlərə qarşı düzgün yoldur, bütün cinayətkarlar ən sərt şəkildə cəzalandırılacaqlar
Daxili işlər naziri Nensi Fezer Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən istifadəyə görə baş vermiş hadisələrə münasibət bildirir.
Nazir sosial şəbəkədə yayılmış bəyanatda yaralı polislərə tezliklə şəfa diləyib və bütün cinayətkarların ən sərt şəkildə cəzalandırılacağını və mühakimə olunacağını qeyd edib. Həmçinin, fövqəladə hallar xidmətlərinin fəaliyyətini tərifləyib və qeyd edib ki, gücləndirilmiş polis qüvvələrinin səfərbər edilməsi, vaxtında və ardıcıl tədbirlərin görülməsi zorakılıq və iğtişaşlar törədənlərə qarşı düzgün yoldur.
“Hərçənd, təkcə Berlində çoxsaylı həbslər və polislərə təkrar hücumlar bir daha sübut edir ki, bu sərt tədbirlər mütləq zəruri idi” – Almaniyanın daxili işlər naziri bildirib.
Xatırladaq ki, Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən təsadüfən xəsarət alması nəticəsində ölkə miqyasında 5 nəfər həlak olub, yüzlərlə insan isə yaralanıb. Onlarla yaralı təcili tibbi yardım işçisidir. Almaniya hökuməti Yeni il gecəsi polis və yanğınsöndürənlərin pirotexniki vasitələrlə hücuma məruz qaldığı silsilə hadisələri pisləyib.