Almaniyada enerji infrastrukturuna qarşı diversiya törətməkdə şübhəli bilinən şəxsin avtomobilində 160-dan çox ehtimal olunan hədəfin siyahısı aşkarlanıb
Almaniyada enerji infrastrukturuna qarşı diversiyalar törətməkdə şübhəli bilinən kişinin axtarışı zamanı polis 160-dan çox obyektin siyahısını aşkarlayıb. Məlumatı Almaniya mediası yayıb.
Siyahıda, ehtimal ki, gələcək hücumların hədəfi olması nəzərdə tutulan obyektlər də yer alıb.
Müstəntiqlər kişinin avtomobilində 160-dan çox obyekt barədə qeydlərin aparıldığı dəftər aşkarlayıblar. Siyahıda həm artıq diversiya törədilmiş ərazilər, həm də mümkün gələcək hədəflər olub.
“Biz təkcə ehtimal olunan hücum icraçısını saxlamadıq, həm də ola bilsin ki, sonrakı hücumların qarşısını aldıq”, – deyə Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxs hüquq-mühafizə orqanlarına müxtəlif əşyaları gizlətdiyi yeddi yer barədə də məlumat verib. Polis həmin yerlərdən üçünü artıq aşkarlayıb və tapılan materialları araşdırır.
Şimali Reyn-Vestfaliyada polis 40-dan çox raket buraxılış qurğusu da aşkarlayıb. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, bu qurğuların diversiyalar zamanı istifadə edilməsi planlaşdırılıb. Oxşar qurğular Brandenburq və Saksoniyada da aşkar edilib.
Bundan əlavə, şübhəlinin evində aparılan axtarış zamanı polis partlayıcı qurğuların hazırlanması üçün istifadə olunan maddələr də tapıb. Şübhəlinin saxlanılması əməliyyatında Şimali Reyn-Vestfaliyadan 1 700-dən çox polis əməkdaşı iştirak edib.
Saxlanılan şəxs Brandenburq və Şimali Reyn-Vestfaliya ərazilərində diversiyalar törətməkdə ittiham olunur.