Almaniya və Niderland Estoniyada NATO-nun yeni hərbi komandanlıq mərkəzini açıblar
Almaniya və Niderland Estoniyada NATO-nun yeni hərbi komandanlıq mərkəzini açıblar. Mərkəz Estoniyanın Latviya ilə sərhədində yerləşən Valqa şəhərində fəaliyyətə başlayır.
Açılış mərasimində Almaniya, Niderland, eləcə də Estoniya və Latviyanın müdafiə nazirləri iştirak edirdilər.
“Biz bu gün bura Şimal-Şərq Çoxmillətli Korpusunun məsuliyyətini rəsmən Birinci Alman-Niderland Korpusuna təhvil vermək üçün toplaşmışıq. Bu, sadəcə hərbi protokoldan qat-qat artıq bir şeydir. Bu, NATO-nun birliyinin, hazırlığının və müttəfiq ərazilərinin hər bir santimetrini qorumaq barədə kollektiv qərarımızın bariz, güclü nümayişidir” — Almaniyanın müdafiə naziri Boris Pistorius qeyd edib.
Yeni komandanlıq mərkəzi NATO-nun şərq cinahının bir hissəsinin taktik qərargahı funksiyasını yerinə yetirəcək. Birinci Alman-Niderland Korpusu Estoniya və Latviyada yerləşdirilən bütün NATO qüvvələrinə, eləcə də bu ölkələrin milli ordularının müvafiq bölmələrinə rəhbərlik edəcək.
Qərargah hərbi təlimlərin planlaşdırılması və idarə olunmasına rəhbərlik edəcək, potensial təhdidlərə qarşı hazırlaşacaq və Rusiya tərəfindən mümkün hücum baş verəcəyi təqdirdə regionun müdafiəsini əlaqələndirəcək. İkinci komandanlıq zonasının yaradılması Alyansa Baltikyanı ölkələrdə daha çox qoşun yerləşdirmək imkanı verir. NATO bəyan edib ki, 2022-ci ildə Ukraynaya hücum edən Rusiya, hazırkı tempdə silahlanmağa davam edərsə, 2029-cu ildə müttəfiqlərin ərazisinə genişmiqyaslı hücum həyata keçirə bilər. Kreml isə bu cür planları təkzib edib.