“Almaniya üçün Alternativ” partiyası onu sağçı ekstremist təşkilat elan edən Almaniyanın Konstitusiyanın Mühafizəsi Federal İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb
İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası onu sağçı ekstremist təşkilat elan edən Almaniyanın Konstitusiyanın Mühafizəsi Federal İdarəsinə (BfV) qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə “Spiegel” xəbər verir.
Partiyanın lideri Alisa Vaydelin mətbuat katibi Daniel Tap iddianın Kölndəki müvafiq inzibati məhkəmədə qaldırıldığını təsdiqləyib.
Almaniyada “Almaniya üçün Alternativ” partiyasını sağçı ekstremist təşkilat elan ediblər. Müvafiq qərarı bir neçə ay boyunca partiyanın fəaliyyətini öyrənən Konstitusiyanın Mühafizəsi Federal Ofisi qəbul edib. Hesabat 1100-dən çox səhifədən ibarətdir. Konstitusiyanın Mühafizəsi Federal Ofisinin məlumatına əsasən, hesabat partiyanın konstitusiyaya zidd xarakterini sübut edən çoxsaylı dəlilləri ehtiva edir. Bu, partiyanın qadağan olunduğu mənasına gəlmir, lakin xüsusi xidmət orqanlarına onun üzərində daha geniş nəzarət səlahiyyətləri verir ki, bu da görüşlərin izlənməsini və telefon danışıqlarının dinlənilməsini mümkün edir.
Medianın yazdığı kimi, “Almaniya üçün Alternativ” partiyası son vaxtlar populyarlıq qazanıb və ilk dəfə, reytinqlərdə hətta birinci yerə də çıxıb. Növbədənkənar parlament seçkilərində sözügedən partiya 152 mandat qazanıb, sahib olduğundan demək olar ki, iki dəfə çox və əsas müxalifət qüvvəsinə çevrilib.