Almaniya səfirliyi: Almaniya Silahlı Qüvvələri “Açıq Səma” Müqaviləsi çərçivəsində Gürcüstan üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu, sülhün təmin olunmasına xidmət edən güclü vasitədir

17:13, 26.10.2026

Almaniya Silahlı Qüvvələri “Açıq Səma” Müqaviləsi çərçivəsində Gürcüstan üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu missiya Almaniyaya məxsus A-319 OH tipli kəşfiyyat təyyarəsi ilə Fransa, Kanada, İtaliya, Latviya və Gürcüstanla əməkdaşlıq çərçivəsində yerinə yetirilib. Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Səfirlikdən verilən məlumata görə, təyyarədən “Açıq Səma” Müqaviləsinin digər üzv dövlətləri də müxtəlif missiyaların icrası zamanı istifadə edə bilərlər.

“‘Açıq Səma’ Müqaviləsi 32 üzv dövlətə digər üzv dövlətlərin bütün ərazisi üzərində silahsız kəşfiyyat uçuşları həyata keçirmək imkanı verir. Maksimum şəffaflığın təmin edilməsi məqsədilə təyyarənin göyərtəsində həmişə müvafiq ölkənin nümayəndələri və çoxmillətli inspeksiya qrupu olur.

Bu, onilliklər ərzində sülhün təmin olunmasına və anlaşılmazlıqların qarşısının alınmasına xidmət edən güclü vasitədir”, – deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.

Oxşar