Almaniya prokurorluğu: 2022-ci ildə Rusiya ilə birləşdirən Nord Stream və Nord Stream 2 qaz kəmərlərinin sabotajının arxasında Ukrayna hakimiyyəti dayanır

15:59, 02.07.2026

Almaniya Prokurorluğunun açıqlamasına görə, 2022-ci ildə Rusiya ilə birləşdirən Nord Stream və Nord Stream 2 qaz kəmərlərinin sabotajının arxasında Ukrayna dövlət strukturları dayanır.

Eyni açıqlamada bildirilir ki, Ukrayna vətəndaşı Sergey K. və onun altı köməkçisi Kiyevdən verilən əmrlərə əsasən hərəkət ediblər. Prokurorluğun məlumatına görə, sabotaj zamanı Sergey K. rəsmi olaraq “Ukrayna ordusunun zabiti”, onun köməkçiləri isə “hərbi personal” kimi qeyd olunub.

Onlara Nord Stream 1 və Nord Stream 2 boru kəmərlərinin məhv edilməsi barədə əmr verilib ki, bu xətlər vasitəsilə qaz təchizatı tam dayandırılsın və Rusiyanın təbii qaz satışından əldə etdiyi gəlirlərin hərbi əməliyyatların maliyyələşdirilməsində istifadə olunması imkanları aradan qaldırılsın.

Açıqlamada qeyd olunur ki, həmin şəxsə mülki enerji infrastrukturuna hücum, partlayıcı maddələrlə partlayış törətmək və mühəndis qurğularını məhv etmək ittihamları irəli sürülüb. Bu əməllər beynəlxalq hüquqa görə müharibə cinayəti hesab olunur.

“Deutsche Welle”nin məlumatına görə, əsas şübhəli Sergey K. ittihamları rədd edir. O, 2025-ci ilin yayında İtaliyada saxlanılıb, daha sonra Almaniyaya təhvil verilib və hazırda Hamburqda istintaq təcridxanasında saxlanılır. 1 iyulda Almaniya Federal Prokurorluğu ona rəsmi ittiham irəli sürüb.

Qeyd edək ki, Baltik dənizində Rusiya ilə Almaniyanı birləşdirən Nord Stream və Nord Stream 2 qaz kəmərlərinin dörd xəttindən üçü 2022-ci ilin sentyabrının sonunda partlayış nəticəsində sıradan çıxıb. Həmin vaxt bu xətlərdən heç biri qaz nəql etmirdi. Partlayışlara görə rəsmi olaraq heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Rusiya rəsmiləri isə hadisədə ABŞ və Böyük Britaniyanın iştirakı ilə bağlı şübhələrini bildirmişdilər.

Oxşar