Almaniya hökuməti tərəfindən qəbul edilmiş qanunla polis dronları vurmaq hüququna malik olacaq
Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına dronları vurmaq hüququ verəcəklər. Ölkənin federal hökumətinin qəbul etdiyi və parlamentin təsdiqini gözləyən yeni qanun polisə Almaniyanın hava məkanını pozan dronları vurmaq hüququ verəcək.
Kansler Fridrix Mertsin sosial şəbəkədə yazdığı kimi, federal polisin səlahiyyətləri gücləndiriləcək.
“Dronlarla bağlı insidentlər təhlükəsizliyimizə təhlükə yaradır. Biz buna yol verməyəcəyik. Dronların aşkarlanması və onlara reaksiya verilməsinin gələcəkdə daha sürətli olması üçün biz Federal Polisin səlahiyyətlərini gücləndiririk” – Fridrix Merts yazıb.
“Reuters” yazır ki, yeni qanunu dronlar səbəbilə oktyabrın 3-də Münhen Hava Limanında onlarla reysin yönləndirilməsi və ya ləğv edilməsindən, nəticədə 10 000-dən çox sərnişinin problem yaşamasından sonra qəbul ediblər.
Yeni qanunla Almaniya bu yaxınlarda təhlükəsizlik qüvvələrinə hava məkanını pozan dronları vurmaq səlahiyyəti verən Britaniya, Fransa, Litva və Rumıniya da daxil olmaqla Avropa ölkələrinə qoşulub.
“Deutsche Flugsicherung”un (DFS) məlumatına əsasən, Almaniyada 2025-ci ilin yanvarından sentyabrın sonuna qədər dronlarla əlaqədar hava hərəkətində 172 ləngimə qeydə alınıb.