Almaniya hökuməti kəşfiyyat xidmətlərinin səlahiyyətlərinin genişləndirilməsini təsdiqləyib, müxalifət qərarı tənqid edir
Diversiya və casusluq təhlükələrinin artmasını nəzərə alaraq, ölkənin daxili təhlükəsizliyinə cavabdeh olan Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə və xarici kəşfiyyatı həyata keçirən Federal Kəşfiyyat Xidməti daha geniş səlahiyyətlər əldə edəcəklər – bu barədə alman mediası xəbər verir.
İslahata əsasən, bu qurumlar artıq yalnız məlumat toplamaq və təhlil etməklə kifayətlənməyəcək, həm də fəal müdaxilə etmək imkanı əldə edəcəklər.
Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəyə təhlükə yaradan şəxslərin və qrupların kompyuter sistemlərinə daxil olmaq, onları sıradan çıxarmaq və kiberəks-hücumlar həyata keçirmək səlahiyyəti veriləcək. Federal Kəşfiyyat Xidmətinə isə daxili təhlükələrdən müdafiə olunmaq, o cümlədən rəqibin imkanlarını zəiflətmək tapşırığı həvalə ediləcək.
İslahat siyasi qüvvələrin bir hissəsi tərəfindən kəskin tənqid olunur. “Yaşıllar” bəyan edirlər ki, daha güclü kəşfiyyat xidmətlərinə lazımi nəzarəti həyata keçirmək qeyri-mümkün olacaq. Onların fikrincə, kəşfiyyat xidmətləri ilə polis arasında ciddi ayrılıq prinsipi də təhlükə altına düşəcək.
Azad Demokratik Partiya da islahatı kəskin tənqid edib. Partiyanın lideri Volfqanq Kubitski federal daxili işlər naziri Aleksander Dobrindti “tarixi tabu”nu pozmaqda ittiham edib. Onun sözlərinə əsasən, kəşfiyyat xidmətləri ilə polisin bir-birindən kəskin şəkildə ayrılmasının çox mühüm tarixi əsasları var.
“Mən Almaniyada gizli polisin olmasını istəmirəm. İstəyirəm ki, fundamental hüquqların istənilən pozuntusu tam şəkildə məhkəmə nəzarətinə tabe olsun və azadlığı onu məhdudlaşdırmaqla qorumağın mümkün olmadığını anlayan bir dövlət mövcud olsun” – Kubitski bildirib.
Məlumat üçün bildirək ki, Almaniyada hüquq-mühafizə və kəşfiyyat funksiyalarının ayrılması prinsipi nasional-sosializm təcrübəsindən çıxarılmış əsas dərslərdən biri hesab olunur. Həmin dövrdə dövlət gizli polisi – Gostapo geniş səlahiyyətlərlə nasistlərin siyasi rəqiblərinə, eləcə də yəhudilərə və digər qruplara qarşı qəddarlıqla fəaliyyət göstərirdi.
Kəşfiyyat xidmətlərinin səlahiyyətlərinin genişləndirilməsi “Solçular” tərəfindən də tənqid olunub. Partiyanın daxili siyasət üzrə eksperti Klara Biunqer bəyan edib ki, islahat “polis və kəşfiyyat xidmətlərinin ayrılması prinsipini” ləğv edir.
Öz növbəsində, hakim koalisiyada bəyan edirlər ki, dezinformasiya kampaniyaları, haker hücumları və diversiyalar da daxil olmaqla, kəskin təhlükələrin öhdəsindən gəlmək üçün kəşfiyyat xidmətləri tez və müstəqil hərəkət etmək imkanına malik olmalıdırlar.