Almaniya hökuməti Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinin həcmini dərc edir, lakin konkret təşkilatların adını çəkmir
Almaniya hökuməti Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinin həcmini dərc edir, lakin konkret təşkilatların adını çəkmir

 

Almaniya hökumətinin rəsmi veb-səhifəsində “Almaniya üçün Alternativ” partiyasının Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi və bu prosesdə Almaniyanın səfirliyinin və Almaniyanın səfiri Peter Fişerin iştirakı ilə bağlı suallarına cavablar dərc olunub.

Rəsmi məlumatda Almaniya hökuməti dəstək layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına ayrılan vəsaiti dərc edir. Söhbət 2,5 milyon avronun ayrılmasından gedir. Konkret olaraq: 2020 -ci il – 360.164 avro; 2021-ci il – 401.368 avro; 2022-ci il – 297.899 avro; 2023-cü il – 517.937 avro; 2024-cü il – 831.914 avro; 2025-ci il – 150.580 avro.

Bununla yanaşı, məlumatda vəsaiti alan qeyri-hökumət təşkilatlarının siyahısına rast gəlmirik.

“Yerli vətəndaş cəmiyyəti tərəfdaş təşkilatlarının açıq şəkildə adının çəkilməsi, Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı artan repressiv mühit fonunda, yerli qeyri-hökumət təşkilatlarının mövcudluğuna və təşkilatlarda çalışan şəxslərə risk yaradır. Maliyyələşdirmə həssas məlumatların məxfi şəkildə işlənməsini əhatə edən etimada əsaslanır. Etimad əməkdaşlığın fundamental şərtidir və əks halda, müvafiq layihələrin həyata keçirilməsi zərər görərdi” — Almaniya hökumətinin rəsmi veb-səhifəsində dərc olunmuş məlumatda qeyd olunub.

Bununla yanaşı, eyni məlumatda deyilir ki, “Gürcüstanda tərəfdaş təşkilatlarda çalışan şəxslərin həyatı və sağlamlığı üçün potensial təhlükə səbəbindən tərəfdaş təşkilatlar haqqında məxfi məlumatın açıqlanması imkansızdır”.

Almaniya hökumətinin izahatına əsasən, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın məqsədi birgə razılaşdırılmış layihənin məqsədlərinə çatmaqdır.

Xüsusilə, “vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyi ilə siyasi, sosial və iqtisadi iştirakı gücləndirmək və bununla Gürcüstanda plüralizmi, demokratiyanı və sosial birliyi gücləndirmək”.

Bəyanatda həmçinin qeyd olunub ki, Almaniyanın Gürcüstandakı səfirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) layihələrinin koordinasiyasında iştirak edir – layihələrin tapşırıq və hesabatlarının hazırlanmasında iştirak edir.

Bununla yanaşı, Almaniya hökumətinin məlumatına əsasən, 2020-ci ildən 2025-ci ilə qədər olan dövrdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin vasitəsilə Gürcüstanda heç bir media maliyyələşdirilməyib.

“Almaniya üçün Alternativ” partiyası qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi və bu prosesdə Almaniyanın səfiri, Peter Fişerin iştirakı haqda Almaniya hökumətinə suallarla müraciət edib. Bununla yanaşı, Almaniyanın Xarici İşlər Nazirliyi Peter Fişeri məsləhətləşmələr üçün çağırıb. Almaniyanın Xarici İşlər Nazirliyində dedikləri kimi, işin necə davam edəcəyi müəyyənləşdirilməlidir.