Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Gürcüstandakı cari hadisələrlə əlaqədar birgə bəyanat yayırlar
Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Gürcüstandakı cari hadisələrlə əlaqədar birgə bəyanat yayırlar.
Bəyanata əsasən, Veymar Üçbucağının (Almaniya, Fransa və Polşa) xarici işlər nazirləri “26 oktyabr parlament seçkilərindən sonra Gürcüstanda inkişaf etmiş siyasi böhran və “Gürcü Arzusu”nun Avropa İttifaqı ilə inteqrasiya prosesini dayandırmaq haqda qərarından” ciddi narahatdırlar.
“Böhrana səbəb Gürcüstanın hakim partiyasının siyasi kursu və onun Avropa yolundan çıxmasıdır. Biz dəfələrlə Gürcüstan hakimiyyətini öz kursunu dəyişməyə və Avropa norma və dəyərlərinə riayət etməklə və islahatlar həyata keçirməklə Avropa İttifaqı ilə (Aİ) inteqrasiyasına qayıtmağa çağırmışıq. Biz dinc nümayişçilərə, mediaya və müxalifət liderlərinə qarşı ötən həftədə baş verən zorakılığı qətiyyətlə pisləyirik və Gürcüstan hakimiyyətinə insan hüquqlarına hörmət etmək və əsas azadlıqları, o cümlədən toplaşmaq və media azadlığını qorumaq məsuliyyətini xatırladırıq. Biz siyasi xadimlərə qarşı təhdidləri ən kəskin şəkildə pisləyirik. “Gürcü Arzusu”nun siyasi repressiya kursu və demokratik geriləmə münasibətlərimizin Avropa və milli səviyyədə zəifləməsinə və Gürcüstan hakimiyyətinə yardım və əməkdaşlığımızın azalmasına səbəb oldu. Müvafiq olaraq, biz Avropa İttifaqının (Aİ) Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması ilə bağlı qərarını yerinə yetirəcək və Aİ və milli səviyyədə əlavə tədbirləri nəzərdən keçirəcəyik.
ATƏT/DTİHB-nin 26 oktyabr parlament seçkiləri ilə bağlı yekun hesabatı seçki prosesinin ədalətli olması, irimiqyaslı pozuntular və ittihamların adekvat araşdırılmaması ilə bağlı narahatlığımızı təsdiqləyir. Seçkilər Avropa İttifaqına namizəd ölkədən gözlənilən standartlara uyğun keçirilməyib.
Biz Gürcüstan hakimiyyətini mövcud vəziyyətdən çıxış yolu tapmaq və gürcü demokratiyasına ictimai etimadı bərpa etmək üçün bütün müvafiq maraqlı tərəflərlə milli dialoq aparmağa çağırırıq. Gürcü cəmiyyətinin bir hissəsi tərəfindən səslənən ATƏT/DTİHB-nin tövsiyə və standartlarının həyata keçirilməsinə dair çağırış, o cümlədən yeni seçkilərin mümkünlüyü bütün siyasi qüvvələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə hakimiyyət tərəfindən müzakirə edilməyə, səmimi dialoqa layiqdir. Biz gürcü xalqının demokratik və avropalı arzularını dəstəkləmək qərarımızı bir daha təsdiqləyirik” – Almaniya, Fransa və Polşanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.