Almaniya, Böyük Britaniya, Fransa və ABŞ Ukrayna üçün uzaqmənzilli silaha qoyulan məhdudiyyəti aradan qaldırıb
Almaniya, Böyük Britaniya, Fransa və ABŞ Ukrayna üçün uzaqmənzilli silaha qoyulan məhdudiyyəti aradan qaldırıb. Bu barədə bəyanatı Almaniyanın kansleri Fridrix Merts verib.
“Artıq nə Böyük Britaniya tərəfindən, nə Fransa, nə də bizim tərəfimizdən Ukraynaya tədarük edilən silahın təsir radiusu ilə bağlı məhdudiyyət var. Amerikalılar tərəfindən də – yox” – Merts bildirib.
Kanslerin qeyd etdiyi kimi, Almaniya Ukraynaya dəstək göstərməyə davam etmək üçün “hər şeyi edəcək”. O bildirib ki, məhz bu səbəbdən bu yaxınlarda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk ilə birlikdə Kiyevə gedib.
Mertsin bəyanatına əsasən, məhdudiyyətlərin aradan qaldırılması Ukraynanın “məsələn, Rusiyada hərbi mövqelərə hücum etmək yolu ilə” özünü müdafiə edə bilməsi deməkdir. O deyib ki, çox nadir istisnalardan başqa, müəyyən müddət əvvəl bu baş vermirdi.
Məlumat üçün bildirək ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlar tədarük edərkən onların istifadəsinə məhdudiyyətlər qoyurdular, xüsusən də Rusiya ərazisinə zərbələr endirməyi qadağan edirdilər. 2024-cü ilin noyabrında ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Rusiya ərazisində yerləşən hədəflərə zərbə vurmaq üçün uzaqmənzilli “ATACMS” raketlərindən istifadə edə bilməsi üçün icazə verib.