Aleksandre Tsuladze Tbilisinin yeni abadlaşdırılmış 215 saylı ictimai məktəbinə baxış keçirib

16:54, 07.10.2024

 
Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze Tbilisinin yeni abadlaşdırılmış 215 saylı ictimai məktəbinə baş çəkib, burada əsaslı təmir olunan infrastrukturla tanış olub, müəllim və şagirdlərlə görüşüb.

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatına əsasən, nazirlə birlikdə Gürcüstanın təhsil, elm və gənclik nazirinin müavini Qela Qeladze, Tbilisi Sakrebulosunun sədri Qiorqi Tğemaladze, Tbilisi Sakrebulosunun Təhsil və Mədəniyyət Komissiyasının sədri Kaxaber Labuçidze və Təhsil və Elmi İnfrastruktur Agentliyinin rəhbəri İrakli Kuprava müasir standartlara uyğun binaya baxış keçiriblər.

Onların verdiyi məlumata əsasən, məktəbin abadlıq işlərini Təhsil və Elmi İnfrastruktur Agentliyi həyata keçirib.

“Layihənin nəticəsi olaraq şagirdlər, müəllimlər və məktəb rəhbərliyi 2024-2025-ci tədris ilinə tam abadlaşdırılmış, müasir tədris məkanında başlayıb. 120 şagird üçün nəzərdə tutulmuş bina tamamilə yenilənib və xüsusi təhsilə ehtiyacı olan şagirdlər üçün uyğunlaşdırılıb. İnfrastruktur layihəsi çərçivəsində yanğın təhlükəsizliyi, istilik, su-kanalizasiya və elektrik naqilləri sistemləri yenilənib. Məktəbdə təbiət elmləri və kompüter laboratoriyaları, kitabxana, resurs otağı və həkim kabineti, idman infrastrukturu və istirahət məkanları təşkil edilib. Bununla yanaşı, bina bütün müvafiq tədris resursları ilə tam təchiz olunub. İnfrastruktur layihəsinin dəyəri 2 milyon 790 min lariyə qədər olub. Məktəb infrastrukturunun yaxşılaşdırılması məqsədilə Gürcüstanda genişmiqyaslı tikinti/bərpa layihəsi aparılır. Cari ilin oktyabrında 60 ictimai məktəbin tam bərpasının başa çatacağı, ilin sonuna qədər isə 100-dək ictimai məktəbin tikintisi/tam bərpasının başa çatacağı mühümdür” – Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatında deyilir.

Oxşar