Aleksandre Tsuladze Azərbaycan Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze Azərbaycan Respublikasının səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib. Məlumatı Təhsil Nazirliyi yayıb.
Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri və gələcək planlar müzakirə edilib.
Aleksandre Tsuladze Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət yetirərək, Faiq Quliyevi Gürcüstanda təhsilin bütün pillələrində aparılan və planlaşdırılan islahatlarla tanış edib. Nazir səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının səfirinə minnətdarlığını bildirib və Gürcüstan ilə Azərbaycan Respublikası arasında çoxillik sıx tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının səfiri öz növbəsində Gürcüstanın təhsil sistemində gedən prosesləri müsbət qiymətləndirib və Gürcüstan tərəfi ilə birgə təhsil layihələri həyata keçirməyə hazır olduğunu bildirib.
Görüşdə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani də iştirak edib.