Aleksandr Vuçiç – 2012-ci ildən bu günə qədər Gürcüstan inanılmaz nəticələr göstərib, Serbiyada hamı bilir ki, Gürcüstanın iqtisadi artımı birinci rübdə 9.3 % idi, Avropanın bənzər göstəricisi yoxdur
Serbiya Respublikası Gürcüstanın nailiyyətlərini tanıyır, 2012-ci ildən bu günə qədər Gürcüstan inanılmaz nəticələr göstərib – bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Serbiyada hamı bilir ki, Gürcüstanın iqtisadi artım göstəricisi birinci rübdə 9.3 % idi və bənzər göstərici Avropada heç yerdə yoxdur, məhz buna görə də Serbiya Gürcüstandan çox şey öyrənir.
“Diplomatik əlaqələrdən başqa ölkələrimizin xüsusi münasibətləri var. Mən Serbiya Respublikasının ölkənizə gələn ilk prezidentiyəm və belə səmimi qarşılanmaya görə sizə təşəkkür edirəm. Bu münasibətlərə görə də sizə təşəkkür edirəm. Biz Gürcüstana təkcə dost ölkə və millət kimi baxmırıq, həm də bizim uzunmüddətli pravoslav ənənələrimiz var və Patriarx Üçüncü Şio ilə ünsiyyətdə olmaq imkanım olduğu üçün çox şadam. Bizim qardaşlıq pravoslav münasibətimiz xüsusidir. Həmçinin gələcəyə dair baxışınızın nə qədər uzaqgörən olduğunu anlayıram. Biz dostuq və hər zaman bir-birimizə hörmət edirik. Çox səmimi münasibət qurduğumuz görüşlərimiz, digər tədbirlərimiz oldu. Biz hər zaman bir-birimizi, ölkələrimizdə həyata keçirdiyimiz siyasəti başa düşürük. Serbiyanın nəticələrinə sevinirəm və sizin nail olduqlarınızla da fəxr edirəm. 2012-ci ildən bu günə qədər Gürcüstan inanılmaz nəticələr göstərib. Serbiya adından danışıram, Serbiya Respublikası sizin nailiyyətlərinizi tanıyır. Bəziləri bunu öz-özünə belə də olmalı imiş kimi qəbul edir, lakin biz belə düşünmürük. Serbiyada hamı bilir ki, Gürcüstanın iqtisadi artım göstəricisi birinci rübdə 9.3% idi. Biz bilirik ki, Avropada buna bənzər göstərici yoxdur və biz də sizin bu nəticənizlə fəxr edirik. Birinci rübün yekunları tam bəlli olduqda biz də öz iqtisadiyyatımızın hansı templə artdığını görəcəyik, lakin Gürcüstanda nə qədər irəliləyiş olduğunu və hansı templə inkişaf etdiyini görürük. Qərbdə deyirik ki, Qərbi Avropada belə bir tendensiya mövcud olsaydı, iqtisadi inkişafın belə bir tempi olsaydı, inanılmaz olardı. Gürcüstanda baş verənlərlə fəxr edirəm, nailiyyətlərinizə çox sevinirəm və sizdən çox şey öyrənirəm. Gürcüstanda tikinti sahəsində artım göstəricisi 12% idi, bu da xüsusi göstəricidir, turizmdə də artım çox yüksək idi. Sizdən harada öyrənə biləcəyimizi, Serbiyada sizin göstəricilərinizə yaxınlaşmaq üçün nələr üzərində daha çox işləməli olduğumuzu görürük” – Serbiya Prezidenti qeyd edib.