Aleksandr Lukaşenko 22 nəfəri əfv edib, onlardan 20-si "ekstremist cinayətlər"ə görə mühakimə olunmuşdu
Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni il ərəfəsində 22 nəfəri əfv edib.
Medianın məlumatına əsasən, onlardan 20-si “ekstremist cinayətlər”ə görə mühakimə olunmuşdu. Əfv olunanlar arasında 15 qadın və 7 kişi var, onlardan 11-nin yetkinlik yaşına çatmamış övladı var.
Prezident Administrasiyasında bəyan edirlər ki, onların hər biri dövlət başçısına əfv üçün müraciət edib və cinayətlərini etiraf edib.
“Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni ildən bir gün öncə 22 nəfərin əfv olunması barədə əmr imzalayıb. Onlardan 20-si “ekstremist cinayətlər”ə görə mühakimə olunmuşdu. Əfv qərarını prezident humanitar səbəblər və onların ailələrinin maraqlarından irəli gələrək, eləcə də əfv olunan şəxslərin müsbət davranışlarını nəzərə alaraq verib” – bəyanatda deyilir.