Aleksandar Vuçiçin sözlərinə görə, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabr ayında keçiriləcək

13:33, 21.08.2026

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabr ayında keçiriləcək. Bunu ölkə prezidenti Aleksandar Vuçiç açıqlayıb.
Vuçiçin sözlərinə görə, seçkilər 18 və ya 25 oktyabrda keçiriləcək. Dəqiq tarix yaxın günlərdə məlum olacaq.
“Bir tərəfdə hakim Serbiya Tərəqqi Partiyası öz seçki siyahısı ilə, digər tərəfdə isə bütün digər siyasi qüvvələr olacaq”, – deyə Serbiya prezidenti bildirib.
Vuçiç media ilə söhbətində növbədənkənar prezident seçkilərinin keçirilməsinə imkan yaratmaq üçün nə vaxt istefa verəcəyini dəqiqləşdirməyib.
Serbiyada parlament seçkilərinin ilkin olaraq 2027-ci ilin dekabrında keçirilməsi planlaşdırılırdı.
“Reuters” yazır ki, son 12 il ərzində prezident və ya baş nazir vəzifəsini tutan Vuçiçin bu açıqlaması ölkədə bir ildən artıqdır davam edən korrupsiyaya qarşı etiraz aksiyalarından sonra səslənib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Novi-Sad dəmir yolu stansiyasında yeni təmir edilmiş beton konstruksiyanın çökməsi nəticəsində 16 nəfər həlak olub. Vətəndaşlar faciənin səbəbləri kimi ölkədəki korrupsiya və nepotizmi göstərərək hökumətin istefasını tələb ediblər.

Oxşar