“Güclü Gürcüstan”ın liderlərindən biri Aleko Elisaşvili girov qarşılığında azadlığa buraxılıb.
Prokurorluq qətimkan tədbirinin növünün dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edib. Hakim prokurorluğun vəsatətini təmin edib.
Tbilisinin Şəhər Məhkəməsi dekabrın 6-da Aleko Elisaşvilinin barəsində qətimkan tədbiri olaraq həbs seçmişdi.
Elisaşvilini dekabrın 4-də “Courtyard Marriott” mehmanxanasının yaxınlığında saxlayıblar. İstintaq orqanının məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Aleksandre Elisaşvili “Azərbaycanlıların Milli Konqresi”nin sədri Əli Babayevə dekabrın 2-də Tbilisidə Kostava küçəsində yerləşən apteklərdən birinin yaxınlığında hücum edib, ona qarşı sözlü və fiziki təhqir törədib. Qurumun məlumatına əsasən, Elisaşvili Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” yarımbəndində nəzərdə tutulmuş cinayətdə ittiham olunur, bu da zorakılıq tətbiq etməklə təqib deməkdir.