Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib
Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib

 

“Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi qərarı bir az bundan əvvəl qəbul edib.

“Ölkədə mövcud olan və icraçı strukturu sizin olduğunuz ədalətsizliyə, repressiya və zorakılığa od vurmaq istəyirdim. Məni nəsə axmaqlıqda ittiham edirsiniz, əgər kimisə öldürmək istəsəydim, o məhkəmə mühafizəçilərindən heç biri sağ qalmazdı, silaha yaxşı bələdəm. Ədalətsizliyə od vurmaq istəyirdim. Ailəmə balıq tutmağa getdiyimi dedim, hər şeyi əvvəlcədən hazırlamışdım” – Aleko Elisaşvili məhkəmə prosesində deyib.

Aleko Elisaşvilini noyabrın 29-da saxlayıblar. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Elisaşvili Tbilisi Şəhər Məhkəməsinin kargüzarlıq binasına od vurmağa cəhd edib.

İstintaqın məlumatına əsasən, təxminən saat 04:00-də Aleksandre Elisaşvili odlu silah, döyüş sursatı və terror aktının həyata keçirilməsi üçün lazım olan əşyalarla silahlanmış, maskalı vəziyyətdə Tbilisi Şəhər Məhkəməsinin binasına gəlib, o, çəkicdən istifadə edərək məhkəmənin kargüzarlıq binasının xarici fasadının şüşəsini sındırıb və məhkəmənin daxili hissəsinə daxil olub.

“Binaya qanunsuz şəkildə daxil olduqdan sonra, Aleksandre Elisaşvili daxili məkanın müxtəlif hissələrinə, o cümlədən orada yerləşən əşyalara və sənədlərə böyük miqdarda alışqan maddə töküb və od vurmaqla yanğın törətməyə cəhd edib. Alışqan maddə tökmə prosesində Aleksandre Elisaşvilini məhkəmənin mühafizə xidmətinin əməkdaşları yaxalayıblar. Məhkəmə mühafizəçilərindən birini görən kimi Aleksandre Elisaşvili ona hücum edərək döyməyə başlayıb. Saxlanılma zamanı mühafizə xidmətinin üç əməkdaşı Aleksandre Elisaşvilinin zərərsizləşdirilməsinə, onun alışqan maddəyə od vurmasının qarşısının alınmasına və silahsızlaşdırılmasına çalışıb. Hücumçu, öz növbəsində, odlu silahı götürməyə və istifadə etməyə cəhd göstərib. Aleksandre Elisaşvili təxminən 5–6 dəqiqə ərzində mühafizə xidmətinin əməkdaşlarına fəal müqavimət göstərib və yalnız bu müqavimət dəf edildikdən sonra onun tam zərərsizləşdirilməsi və saxlanılması mümkün olub” – Prokurorluğun məlumatında deyilir.

Aleko Elisaşviliyə qarşı ittiham Tbilisi Şəhər Məhkəməsində terror aktı törətməyə cəhd faktı üzrə irəli sürülüb. İrəli sürülmüş ittiham 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq həmçinin video görüntünü yayıb.