Albaniyada tələbələrin ali təhsil sistemindəki problemlərə görə ölkənin baş nazirinin istefasını tələb etməsinin üçüncü günüdür, polis aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib
Albaniyada üçüncü gündür tələbələrin etiraz aksiyaları davam edir. “Reuters”in məlumatına əsasən, polis nümayişçiləri dağıtmaq üçün su şırnağından istifadə edib.
Aksiyanın iştirakçıları Tiranada binaların pəncərələrini sındırıblar, bu səbəbdən də parlament iclası ləğv edib.
Aksiyanın təşkilatçılarının bəyanatına əsasən, etirazın səbəbləri ali təhsil xərclərinin artması, maliyyə dəstəyinin azlığı və təhsili bitirdikdən sonra məşğulluq imkanlarının məhdud olmasıdır.
Tələbələr Albaniyanın Baş naziri Edi Ramanın istefasını tələb edirlər.
Rama vəzifəsinin vətəndaşların ədalətli tələblərini nəzərə almaq və ölkənin inkişafının qeydinə qalmaq olduğunu deyib. O bildirib ki, vəzifədən getmək ona Avropa İttifaqına üzvlük danışıqlarını yekunlaşdırmaq mandatı verən seçicilərin etimadına xəyanət olardı.
“İstefamla bağlı tələblərə gəlincə, hökumətlər inqilab yolu ilə deyil, demokratik seçkilər yolu ilə dəyişir. Seçkiləri isə biz keçən il keçirmişik” – Rama “Reuters”ə göndərdiyi yazılı cavabında açıqlayıb.
Albaniyanın Baş naziri təhsil xərclərinin artırılması məsələsini tələbələrlə müzakirə etməyə hazır olduğunu, lakin təhsil müəssisələrinə hücumların, dövlət əmlakının dağıdılmasının və ictimai təhlükəsizliyə təhdid yaradılmasının tələbələrin qanuni tələbləri ilə heç bir ortaq nöqtəsi olmadığını bildirir.