Albaniyada parlament seçkiləri keçirilir. Əsas rəqiblər hazırkı Baş nazir Edi Ramənin rəhbərlik etdiyi Albaniya Sosialist Partiyası və keçmiş prezident Sali Berişanın rəhbərlik etdiyi mühafizəkarlar ittifaqıdır. Berişa korrupsiya və rüşvətxorluqda ittiham olunur və ABŞ onun əleyhinə sanksiyalar tətbiq edib.
Albaniya Sosialist Partiyasının lideri Edi Rama 2013-cü ildən ölkəyə rəhbərlik edir. O, seçki kampaniyası çərçivəsində vəd etdi ki, Albaniyanın 2030-cu ildə Avropa İttifaqına üzv olması istiqamətində səylərini davam etdirəcək.
Onun rəqibi Sali Berişa keçmişdə Albaniyanın baş naziri və prezidenti olub. Mühafizəkar siyasətçi müxalifət alyansına rəhbərlik edir və əsas şüarı “Möhtəşəm Albaniya”dır. Berişa 12 illik fasilədən sonra hakimiyyətə qayıtmağa çalışır.
Seçkidən əvvəl keçirilən sosioloji sorğulara əsasən, lider partiya seçicilərin 49%-nin dəstəyinə malik olan Sosialist Partiyasıdır. Mühafizəkarları isə seçicilərin 35%-i dəstəkləyir.
Bu seçkilərdə ilk dəfə olaraq 245,900 xaricdə yaşayan seçici məsafədən iştirak edəcək.
Albaniya parlamentində 140 deputat yer alır və onlar proporsional sistemlə seçilirlər. Albaniya 2009-cu ildən NATO-nun üzvüdür. 2022-ci ildən isə Avropa İttifaqına üzvlük üçün danışıqlar aparır.