“Axios” nəşrinin məlumatına görə, ötən gecə İran Silahlı Qüvvələri Hörmüz boğazında hərəkətdə olan kommersiya gəmilərinə azı iki raket atıb
İran Silahlı Qüvvələri ötən gecə Hörmüz boğazından keçən kommersiya gəmilərinə azı iki raket atıb. Bu barədə “Axios” nəşri iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti Oman sahilləri yaxınlığında, Hörmüz boğazı ətrafında cənub istiqamətində hərəkət edən tankerin mərmiyə tuş gəldiyi barədə məlumat alıb. Hadisə nəticəsində gəmidə yanğın baş verib.
ABŞ rəsmisinin sözlərinə görə, İran raketi ikinci kommersiya gəmisinə də ziyan vurub. Hər iki gəmi ciddi zərər görsə də, insident nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, ötən həftə Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı keçirilən dolayı danışıqların növbəti raundu nəticəsiz başa çatmışdı.