Axios: İran ABŞ-yə Hormuz boğazının açılmasını və atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan yeni sülh təklifi təqdim edib
Axios-un yaydığı məlumata görə, İran ABŞ-yə Hormuz boğazının açılmasını və atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan yeni sülh təklifi təqdim edib, nüvə proqramı üzrə danışıqlar isə təxirə salınmalıdır.
Mənbələrdən birinin sözlərinə görə, ötən həftə ərzində İranın xarici işlər naziri Abbas Araqçi vasitəçilər — Pakistan, Misir, Türkiyə və Qətərə bildirib ki, Tehranda ABŞ-ın tələblərinə necə cavab veriləcəyi ilə bağlı hələ yekdil mövqe yoxdur.
“Axios” yazır ki, yeni təklif Vaşinqtona Pakistan vasitəsilə çatdırılıb və əsasən Hormuz böhranının həllinə yönəlib. Nüvə məsələsi üzrə danışıqlar isə yalnız sonradan — atəşkəsin uzadılmasından və ya müharibənin başa çatmasından sonra başlayacaq.
Nəşrin məlumatına görə, Ağ Ev təklifi qəbul edib, lakin Vaşinqtonun onu nəzərdən keçirib-keçirməyəcəyi hələlik məlum deyil.
Bununla yanaşı, mənbələrə istinadən bildirilir ki, Donald Trump bu gün İran məsələsi ilə bağlı təhlükəsizlik komandası ilə görüş keçirəcək.