“Axios” – ABŞ Ukraynadan Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Moskvada olduğu müddətdə Rusiyaya zərbə vurmamağı xahiş edib
ABŞ Ukraynadan Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Ratkliff Moskvada olduğu müddətdə Rusiyaya zərbə vurmamağı xahiş edib – bu barədə “Axios” yazır.
Nəşrin mənbəsinin məlumatına əsasən, Ratkliffin səfərindən əvvəl ABŞ Ukraynaya yüksək səviyyəli nümayəndə heyətinin Moskvaya yola düşəcəyinə dair məlumat verib və hücumu müvəqqəti olaraq dayandırmağı xahiş edib.
Medianın məlumatına əsasən, sonuncu dəfə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru şəxsən Rusiyaya 2021-ci ilin noyabrında səfər etmişdi.
Buna qədər isə Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Con Ratkliffin Moskvada olduğu bəlli olmuşdu. Medianın yazdığı kimi, kəşfiyyatın yüksək vəzifəli rəsmisinin konkret olaraq kiminlə və hansı məsələ barədə görüş keçirdiyi bilinmir.
Bununla yanaşı, “Flightradar24″ün məlumatına əsasən, bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-17A Globemaster III” nəqliyyat təyyarəsi Vaşinqton yaxınlığındakı Endryus aviabazasından havalanıb, daha sonra Latviyanın paytaxtı Riqada dayanıb, sonra isə Moskvaya eniş edib.